Posted by: RAUFRAY on: Avqust 31, 2009
“İRƏLİ” İctimai Birliyi tərəfindən həyata keçirilən “İnformasiya Texnologiyaları Akademiyası” layihəsi yeni regionları əhatə edir. Belə ki, layihə avqust ayı ərzində Göygöl, Qəbələ, Oğuz, Samux rayonlarını əhatə etmişdir. Göygöl rayonu üzrə təlimlərdə iştirak etmiş 116 nəfərdən 104 nəfəri, Qəbələdə 136 nəfərdən 66 nəfəri, Oğuzda 140 nəfərdən 79 nəfəri, Samuxda 142 nəfərdən 129 nəfəri sertifikat almışdır.
Layihə hal-hazırda Quba və Qusarda keçirilir. Layihənin açılış mərasimləri 31 Avqust 2009-cu il tarixində keçirilmişdir. Qubada keçirilən təlimlərin açılış mərasimi Quba şəhəri Mədəniyyət Evində keçirilmişdir. Mərasimdə “İnformasiya Texnologiyaları Akademiyası” layihəsinin rəhbəri Rauf Mərdiyev, Quba Rayonu İcra Hakimiyyəti Başçısının müavini Xanımsona Əkbərova, Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalıyev iştirak etmişdir.
Qusarda keçirilən təlimlərin açılış mərasimi Qusar rayonu 6 saylı orta məktəbin akt zalında baş tutmuşdur. Mərasimdə “İRƏLİ” İctimai Birliyinin İdarə Heyətinin üzvü Hikmət Hüseynov, Qusar Rayonu İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Ceyhun Hacıyev, Qusar Rayonu Gənclər və İdman İdarəsinin rəisi Emil Əmirmətov iştirak etmişdir.
1 İyun 2009-cu il tarixindən etibarən ümumilikdə “İnformasiya Texnologiyaları Akademiyası” layihəsi 19 rayonu əhatə etmiş, layihədə 2600 nəfər iştirak etmişdir.
Qeyd edək ki, layihənin partnyorları “İRƏLİ” İctimai Birliyi, Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, “HP” şirkəti , “Microsoft” şirkəti, “Bestcomp” şirkəti, “Yumroo” portalı, «1News» İnformasiya Agentliyi, «Day.az» İnformasiya Agentliyidir.